SURİYE GОLAN TÜRKMANLARI (folklor və etnoqrafik örnəklərlə)

15 September 2015
504 kez görüntülendi

SURİYE GОLAN TÜRKMANLARI (folklor və etnoqrafik örnəklərlə)

ƏLİ ŞAMİL

ÖN SÖZ
Orta Doğunun bol sulu, məhsuldar torpaqlı, strateji yöndən olduqca önəmli bir təpəlik bölgəsi qaynaqlarda Colan, Golan, Kolan adlandırılır. Ərəblərin Hadbetül-Cülan, İbranilərin Ramat Ha Golan adlandırdıqları təpəliklərin sahəsi 2 min kvadrat kilometrə yaxındır. Suriyanın güney-batısında, İsrailin quzey-doğusunda yerləşmiş Colan təpələrinin bir ucu da Livan (Lübnan) və İordaniyaya (Ürdünə) çatır. Buradan həm Dəməşq (Şam) şəhəri, həm də Ağ dəniz (Aralıq dənizi) aydın görünür. Dəməşqdən Ağ dənizə gedən karvan yolu üzərindəki Kuneytra keçidi Colan bölgəsindədir. İsraili içməli su ilə təmin edən bulaqların yüzdə otuzu məhz bu bölgədə yerləşir (Bax: http:// www.zaman.com.tr/dunya_golan-tepeleri-nicin-onemli_431441 .html). Burada içməli suyun qiyməti neftdən baha olduğu üçün su qaynaqları olan yerlər mühüm strateji əhəmiyyət daşıyır.
1967-ci ildə İsrail Colan təpələrini işğal edənədək buradakı 15 kənddə bizimlə eyni dildə danışan, eyni dinə inanan soydaşlarımız toplu halda yaşayırdılar. İsraillə Suriya arasındakı “Altı günlük savaş”da soydaşlarımız canlarını qurtarmaq üçün mal-mülklərini qoyub Suriyanın içərilərinə doğru qaçdılar. Beləcə, Colan təpələrinin 1158 kvadrat kilometr sahəsi İsrailin işğal dairəsində qaldı.
Colan təpələrində gedən qısa savaşdan Sovet mətbuatında illərlə məqalələr verildi, radio-televizya verilişləri hazırlandı, İsrailin işğalçı siyasəti kəskin tənqid edildi. Sovet diplomatları beynəlxalq təşkilatlarda qaçqınların hüquqlarını qorumaq adı altında hərbi sursat satdığı və iqtisadi əməkdaşlıq etdiyi Suriyanı dəstəklədi. Azərbaycan Respublikası da SSRİ-nin bir parçası olduğundan Colan mövzusu bizim mətbuatın, radio və televizyanın gündəmindən uzun müddət düşmədi. Çox təəssüflər ki, həmin dövrün Colan təpələri ilə bağlı yazılarında, verilişlərində bizim bu soydaş və dindaşlarımızın varlığı dilə gətirilmədi, İsrail hökumətinin onları necə cətin duruma salmasından söz açılmadı.
İsrail höküməti Colan təpələrini 1981-ci ildə öz ərazisi elan edərək, burada 33 yaşayış məskəni saldı. Xarici ölkələrdən gətirilmiş 15 min nəfər Colanda yerləşdirildi, onlara İbrani dili öyrədildi. Dünyanın müxtəlif guşələrində yaşamış, maddi və mənəvi sıxıntıdan bezmiş, necə deyərlər, irqindən, dilindən asılı olmayaq, firavan yaşayış arzulayanlar çox keçmədən burada yəhudi¬ləşdirildi (Bax: http://www.zaman.com.tr/dunya_golan-tepeleri-nicin-onemli_431441.html). Onların arasında sənədlərini saxtalaşdıraraq nənəsinin, babasının Yəhudi olduğunu göstərən Azərbaycandan getmiş Türk, Talış, Tat, Ləzgi, Avar, Kürd vb. xalqların nümayəndələri də vardı.
Birləşmiş Millətlər Təşkilatı qətnamələr qəbul etdi ki, İsrail hökumətinin işğal etdiyi bölgələrdə Yəhudi yaşayış məskənləri yaratması yolverilməzdir. Lakin bu qətnamələr, qınaqlar İsrail hökumətinin fəaliyyətini durdura bilmədi.
Colandakı İsrail zülmündən qaçan soydaşlarımızın bir qismi Dəməşq şəhərinin ucqar məhəllələrində özlərinə sığınacaq quraraq yerləşdi, bir qismi isə Türkiyə Cümhuriyyətinə köçmək məcburuiyyətində qaldı. Bol sulu, məhsuldar torpaqlı, sərin və sağlam havalı kəndlərdə yaşamağa, əkin-biçinlə, heyvandarlıqla məşğul olmağa alışmış insanların bir çoxu Dəməşq kimi izdihamlı şəhərdə qalmağa alışa bilmədi. Stresdən və mühiti dəyişməkdən ölənlərin sayı artdı. Buna görə də, sülh bağlanacağına, İsrail əsgərlərinin işğal etdikləri əraziləri boşaldacaqlarına, ata-baba yurdlarına dönəcəklərinə inananlar Colanın Suriyada qalmış hissəsinə qayıdaraq orada özlərinə ev tikməyə, güzaran qurmağa, əkin-biçinlə məşğul olmağa başladılar.
Azərbaycan müstəqillik əldə etdikdən sonra da colanlı soydaşlarımızın taleyi mətbuatımızın, radio-televiziyamızın, ictimai-siyasi xadimlərimizin diqqətini çəkmədi. Ayrı-ayrı vətənsevərlərin məqalələri, radio və televizyada hazırladıqları verilişlər də ictimaiyyətə elə bir təsir göstərmədi. Türkmanların folkor materiallarını toplamaq, dialekt və şivələrini, adət-ənənələrini öyrənmək üçün elmi ekspedisiyalar təşkil edilmədi. Halbuki buna imkan və şərait var idi…
Təkcə Colanda yaşamış soydaşlarımızdan yox, Suriyada, İraqda, hətta Türkiyədə yaşayan, Türkcə danışan, İslam dininə inanan insanlarımızdan söz açanlar gah Türk, gah Türkmən, gah da Türkman deyir və yazırlar. Bu termin fərqlilikləri oxucuda çaşqınlıq yaratmasın deyə araşdırıcı Əfzələddin Əsgərovun “Ümumtürk folkloru tarixində Oğuznamə yaradıcılğı” kitabının “Oğuznamənin etnik auditoriyasi” fəslindəki “Türkmanlar” yarımbaşlığından bəzi parçaları aşağıda veririk.
Türk, Türkmən, Türkman, Oğuz terminlərinin yaranmasına və tarixi inkişaf yoluna aydınlıq gətirən Əfzələddin Əsgərov yazır ki, Türkman etnonimi tarix səhnəsinə ilk dəfə 8-ci yüzildə çıx¬mışdır. Həmin yüzildə birdən-birə Çin qaynaqları “Türkman (Te-kü-monq) ölkəsi”ndən bəhs etmişdir. Türkmanlar Oğuzların İslamı qəbul et¬məsindən ən azı 200 il öncə bir etnos olaraq mövcud idi və bu etnos türksoylu etnik qruplardan olan bir sıra oba və oymaqları öz içə¬risinə almışdı. Ancaq 10-cu yüzildən başlayaraq Oğuzların İslamı qə¬bul edib Türkmanlara qatılması bu etnosun taleyində mühüm rol oynadı.
Etnosdan, etnosun və etnik sistemin varlığından söz açan araşdırıcı yazır: “Etnosun varlığı etnik sistemin varlı¬ğın¬dan, ömrü isə etnik sistemin yaşamasından asılıdır. Etnik şüurun ifadəsi kimi etnik adın yaşaması etnik sis¬te¬min qorunması hesabına etnosun öz varlığını davam etdir¬mə¬sindən qaynaqlanırdı. Buradan aydın olur ki, Oğuzların (ümu¬miyyətlə, Türklərin) İslam dinini qəbul etmələri hələ onların etnik mənada “Türkman olmaları” demək deyildi. Oğuz etnik sisteminin içərisində İslamı qəbul edən Oğuz, sadəcə olaraq, “Mü¬¬səlman Oğuz” idi və “Müsəlman Oğuz” ifadəsini “Türkman” etnoniminin anlamı kimi yox, yalnız bu mənada işlətmək olar. Oğuzların İslam dinini qəbul etmələri “Türkman olmaları” ilə nəticələnmədi. Onlar öz etnik sistemlərini qorumaqla Türkman dünyasının içərisində etnoloji baxımdan subetnos olaraq varlıqlarını davam etdirirdilər” (Əsgərov Əfzələddin, 2014:24-42).
Oturaq həyata keçən türksoylular özlərinin etnik ad¬larını itirdikləri üçün ümummilli adla, yəni Türk adı ilə ta¬nı¬nır¬dı¬lar. Bununla bərabər, haqqında danışdığımız oturaq və ya ya¬rım-köçəri əhali bu adla tanınmadı. İş burasındadır ki, onlar oturaq və ya yarımköçəri olmaqla yanaşı, İslamı qəbul etmiş ilk Türk-lər idi və onların götürdükləri Türkman adı bu sonuncu hadisəni ifadə edirdi. Elə ona görə də, bu ad ilk vaxtlar etnik anlamla yanaşı, rəmzi olaraq «Müsəlman Türk» anlamında da işlənirdi. İslam dinini qəbul edən Oğuzun «Türkman olma» şəklində ifa-də¬si etnonimin sonuncu anlamı ilə bağlıdır və şübhəsiz ki, VIII-XII əsrlərdə Qarluqların, Qıpçaqların, Uyğurların vb. İslam dinini qəbul etməsi də məhz deyilən şəkildə ifadə olun¬muş¬dur. Türkman etnoniminin «Müsəlman Türk» anlamı onun o dövrdə Tanrıçı Türk dünyasını İslama çağırış rəmzi kimi istifadə olunduğunu göstərir. Belə məlum olur ki, «Müsəlman Türklər» Tanrıçı Türk dünyasını İslamın qəbulu yolu ilə birləşdirmək iddiasında olmuşdur. Bu mənada Türkman etnonimi bir müddət ümum¬milli Türk etnoniminin yerini tutmaq sevdasına düşmüş-dür.
Tarixi qaynaqlarda Türkmanların içərisində Xələc, Kanqlı və başqa türksoylu etnik qruplardan qopmuş oba və oymaq¬ların olması haqqında məlumatlar da az deyil.
Türkmanlar yayıldıqları böyük coğrafiyada onlarla xalqı öz içərisinə alıb superetnosa çevrildilər. Bu ərazilərdə qurulan on-lar¬la dövlət, o cümlədən Böyük Səlcuqlu imperiyası, Xa¬rəzm-şah¬lar imperiyası, Osmanlı imperiyası, Qaraqoyunlu və Ağ-qoyunlu dövlətləri böyük Türkman xalqının siyasi zəkasının məhsuludur (Əsgərov Əfzələddin, 2014:24-42).
Suriyada, İraqda yaşayan, bizim dildaşımız, dindaşımız və soydaşımız olan bu toplumdan söz açanda Əfzələddin Əsgərovun araşdırmalarına dayanaraq onların adını Türkman yazacağıq. Yararlandığımız qaynaqlardan alıntı (sitat) gətirdikdə isə qaynaqda necə yazılmışsa, biz də onu o cür saxlayacağıq.
  
Çox ilgincdir ki, Colanda yaşayan soydaşlarımız Ərəblərin içərisində yaşayıb, Ərəb dilində təhsil alsalar da, hər gün Ərəb dilində qəzet-jurnal, kitab oxusa və radio-televizya verilişlərinə qulaq assalar da, öz dillərinin təmizliyini qoruyub saxlaya biliblər. Bizim Ərəb və Fars dillərindən alaraq ədəbi dilimizdə işlətdiyimiz peyğəmbər, mələk, ağıl, mədə… sözlərini onlar əksi Türkcədə olduğu kimi, ulak, gögçək, us, qursaq şəklində işlədirlər. Klassik ədəbiyyatımızdan bizə tanış olan və dialektlərimizdə ilişib qalan əski Türk sözərinin bir çoxunu Colan Türkmanları danışıqlarında işlədirlər. Ədəbi dilimizə Fars dilindən gətirilmiş bir sıra yayğın sözlərə də onların danışığında və yazısında rast gəlmirik. Colan Türkmanlarının danışığında işlədilən yılan, yıldırım, yıldız vb. bu kimi söz variantları Azərbaycanın bəzi dialektlərində və tək-tək yaşlı adamların dilində hələ də yaşayır.
2011-ci ildən bəri Suriyanı bürümüş qanlı toqquşmalar yenə də soydaşlarımızın həyatını cəhənnəmə döndərdi. Silahlı toqquşmalar, bombalamalar dinc əhalini çıxılmaz duruma saldı. Azərbaycan mətbuatı, radio-televiziyası, ictimai-siyasi xadimləri isə yenə də susdu…
Colan bölgəsindəki soydaşlarımız, eləcə də Suriyanın müxtəlif bölgələrində yaşayan, bəzən Türk, bəzən Türkmən, bəzən Türkman adlandırılan dini bir, dili bir qardaşlarımız haqqında 2007-ci ildə yazdığımız kitab çap olunmadı. Ötən 7 ildə Suriyada çox dəyişikliklər baş verdi. Son illərdə isə oraya getmək imkansız oldu. Suryada gedən döyüşlər həm də Colan Türkmanları mövzusunu aktuallaşdırdı. Biz də kitabımızı bir daha gözdən keçirib son dönəmdə yazılanlarla zənginləşdirdik və yenidən çapa hazırladıq.
Colan Türkmanlarının ata sözlərindən, bayatı-manilərindən, toy-düyün adətlərindən örnəkləri, eləcə də dillərində işlədilən bir sıra terminləri kitabın “Mətnlər” adlandırdığımız ikinci bölümündə verməyi planladıq. Bu bölmədəki mətnlər Colan Türkmanları ilə Azərbaycan Türklərinin dillərində, adət-ənənələrində nə qədər yaxınlıq olduğunu ortaya qoymaqdadır.
İnternet saytlarında, qəzet və jurnallarda Muxtar Türkmənoğlu, Dəniz Türkmənoğlu imzası ilə Suriya Türkmanları haqqında məqalələr yazan, “Azadlıq” radiosunun Türkmən dilindəki verlişlərində tez-tez çıxışlar edən Muhtar Fatehlə son günlər internet vasitəsilə tanış oldum. Suriyadakı Türkmanların lideri Kal Muhammed Mustafa Paşanın nəvələrindən olan Muhtar Fateh Hələbdə doğulsa da, hazırda, İzmirdə yaşayır və uşaq həkimi işləyir.
Kitab üzərində son redaktə işləri apararkən onunla sıx əlaqə saxlayır, məsləhətləşir, adları, faktları bir daha dəqiqləşdirməyə çalışırdım. Çox sağ olsun, o da işinin çox olmasına baxmayaraq nəinki mənim suallarıma cavab verir, göndərdiyim səhifələrəki gözünə dəyən yanlışlıqları düzəldirdi.
Hər dəfə söhbətimizdə o, Türk xalqlarını Suriyadakı soydaşlarının taleyinə biganə qalmaqda suçlayır, yana-yana deyirdi ki, biz maddi yardım o yana qalsın, heç olmasa mənəvi dəstək versinlər. Heç olmasa mövzunu gündəmdə saxlasınlar. Mətbuatlarında, radio-televizyalarında Suriyada döyüşlərin çoxunun Türkmanlar yaşayan bölgədə yaşadığını yazsınlar.
Suriyada beş-üç Erməni kəndi var. Oraya Dağlıq Qarabağ savaşlarında iştirak etmiş snaypercilər yerləşdiriblər. Kəndə yaxın gələni, hətta kəndin kənarından keçən dinc əhalini belə vururlar. Nəinki Erməni kəndləri, ümumiyyətlə Suriyadakı xristian kəndlərinə, şəhərlərdə xristianlar yaşayan məhəllələrə nə iqtidar tərəfdən, nə müxalifət tərəfdən bir güllə belə atılmır. Çünki hər iki tərəf yaxşı bilir ki, orada yaşayan xristianların burunu qanasa dünya ayağa qalxacaq. Bərləşmiş Millətlər Təşkilatı da, ABŞ da, Avropanın bütün dövlətləri də ayağa qalxacaq. Amma bu qədər Türkman qırılır, ev-eşiyində didərgin düşür ona sərt təbki göstərən yoxdur. Heç adımızı da çəkmirlər. Sadəcə iqtidar-müxalifət qarşıdurması, quruplararası toqquşma kimi təqdim edilir. Hətta yaxın qonşumuz, yüz minlərlə Suriyalıya sığınacaq vermiş Türkiyədə də belədir.

Yorumlar

Henüz yorum yapılmamış.

Yorum Yaz