SURİYADAKI TÜRKMANLARIN SAYI VƏ ONLARIN YAŞADIQLARI BÖLGƏLƏR

15 September 2015
867 kez görüntülendi

SURİYADAKI TÜRKMANLARIN SAYI VƏ ONLARIN YAŞADIQLARI BÖLGƏLƏR
ALİ ŞAMİL

Osmanlı vergi məmurlarının tərtib etdiyi müfəssəl icmal dəftərinə, yəni vergi dəftərlətinə görə 1906-cı ildə Hələb şəhərində yaşayan 116148 nəfərin 80113-ü Müsəlman imiş. Müsəlmanların da yarıya qədərini Türkmanlar təşkil еdirmiş. Həmin dəftərdə Türkcə məhəllələrin adları da sadalanır. Hələbdən kənarda da 350 Türkman kəndi оlduğu göstərilir. Bеləliklə, indiki Hələb şəhərində və ətrafında 200000, Lazkiyе bölgəsində 150000, Tеlkеlе ətrafında 50000, Kunеytra bölgəsində 100000, başqa bölgələrdə isə 300000 Türkmanın yaşadığı göstərilir. Bu da indiki Suriya ərazisində XX yüzilin əvvəllərində bir milyоna yaхın Türkün yaşadığı dеməkdir (Börklü Meşkure Yılmаz, www.bilginet.com.).
Ali Öztürkman yazır ki, Suriyada yaşayan Türkmanların çoxu Bəydili (Qədirli, Ərəpli, Begmişli, Ulaşlı, Qaraşıxlı, Güneçbayraktar, Qazlı), Elbəyli (Gavurlu, Şahvəli, Tırıklı, Tavli, Fərizli, Qarataşlı, Doğanlı), Barak (Tabur, Qasımlı, Torun, İsalı, Tiryaki, Gökbakan, Mahmutlu), Bayat, Bayındır, Budak, Qarxın, Qaraman, Salur, İsabəğli, Qarakeçili, Musabəğli, Avşar, Berilli, Yörük, Şarkevli, Gızıklı, Bozgeyikli dede, Qaraqoyunlu, Sincar tayfa və tirələrindəndir (Öztürkmen Ali, 2011, http://www.bizturkmeniz.com/tr/index.php?page=article &id=23630&up¬date¬from=530&from=0).
20-ci yüzildən zaman-zaman bölgənin Türkman əhalisi ya köçürülmüş, ya da qırğınlara və təqiblərə uğramışdır, bunun sоnucunda da onların sayı azalmışdır.
Suriyada yaşayan Türkmanlar haqqında araşdırıcılar arasında fikir birliyi yoxdur. Bunun da səbəbi ölkədə yaşayan Türkmanların dövlət tərəfindən dəqiq qeydiyyatının çap olunmamasıdır. Onlar Müsəlman adı altında tanınırlar ki, bu da xalqın milli kimliyini deyil, dini inancını göstərir.
Ölkədə yaşayan Türkmanları adətən üç qrupa ayırırlar. Birinci qrupa milli kimliyini tam qoruyub saxlayanları, ana dilində danışanları daxil edirlər. Onların sayı 1,5 milyon nəfərdir. İkinci qrupa soykökünün Türkman olduğunu qəbul edən, ana dilində danışılanı başa düşsə də, danışa bilməyənləri daxil edirlər. Onların sayı 2 milyona yaxındır. Üçüncü qrupa da ərəbləşmiş Türkmanları daxil edirlər ki, onların da sayının 2,5 milyon olduğu göstərilir (Özdağ Ümid, 2012, http://www. yenicaggazetesi.com.tr/suriye-turkleri-22058yy.htm).
Hişam Şabani isə Suriyada yaşayan Türkmanların sayından bəhs edərkən yazır: “Suriye’de yaşayan Türkmenler’in nüfusu hakkında verilen rakamlardan 500.000 tahmini bu gün artık eskimiştir. Yakın zamanlarda verilen tahminler ise 2.000.000 – 2.5 milyon gibi söylense de, bunlar gerçek rakamlardan daha azdır, gerçek rakamlar 3 milyon civarında tahmin edilir. Bunlara da araplaşmış Türkmenleri eklersek sayı yaklaşık olarak ikiye katlanır” (Fadi İsa və Şabani Hişam, “Suriye Türkmenleri’ninGüney bölümü Golan türkmenleri” kitabından alınmışdır.)
Ali Öztürkmen isə “Suriya Türkləri” məqaləsində yazır: “Suriyede yaşayan Türkmenler’in nüfusu 2010 yılın verilerine göre 3.500.000 olup ve nüfusun 1.5 milyonu anadili olan Türkçeyi rahatça kullanmaktadır. 2 milyon ise araplaşmış durumdadır ve çoğunlukla büyük şehirlerde (Şam, Halep, Humus, Hama) yaşamaktadırlar” (Öztürkmen Ali, 2011, http://www.bizturkmeniz.com/tr/index.php?page=article&id=23630&update¬from=530&from=0).
Suriya Türkmanlanları haqqında son araşdırmaların müəllifi Turhan Çətin yazır: “Günümüzdə Suriyada nə qədər Türkman yaşadığı rəsmi rəqəm olaraq bilinmir”(Çetin Turhan, 2014:36).
Suriyada 523 kənddə (şəhərlərdəki məhəllələr bura daxil deyildir) Türkmanlar yaşayır. Suriya hökuməti son illərdə Türkman mənşəli yer adlarını Ərəbcəyə çevirir. İsabəylini-İseviye, Kabamazı-Belutiye, Tırıncanı-Ümitüyur, Karıncanı-Behlüliye, Merhanı (Balva)-Salvah, Havahöyükü-Beliz Nabgha, Daşlıhöyük-Talhacr etmişdir (Türkmen oğlu Deniz, http://halapturkmen.blogcu.com/suriye-oguz-turkmenleri /5436639).
Ali Öztürkmen internet saytında yerləşdirdiyi “Suriya Türkləri” məqaləsində dəyişdirilmiş Türkman kənd adlarının böyük bir siyahısını verdiyindən biz bu mövzunun ayrıntılarına varmadıq.
Məmlük Qıpçaqlarının və Oğuz Türkmanlarının soyundan gələn Suriya Türkmanları ölkənin hər yerində yaşasalar da, topluca yaşadıqları bölgələrin adları ilə adlandırılırlar.
Suriyadakı Türkmanların lideri Kal Muhammed Mustafa Paşa idi. Sonra oğlu Hacı Nassan Mustafa Paşa lider olmuşdur. Son illərdə Suriyadakı Türkmanların rəhbəri olan Faruk Mustafa Paşa, Merhan (Belva), Salva Kırdı Hacı Ali tayfasındandır. Bu tayfa yüzillər boyu Suriyadakı Türkmanları bir araya toplamışdır.
Suriyada Türkmanların ana dilində məktəbləri olmadığı kimi, onları bir arada tutan hər hansi bir təşkilatları da yoxdur. Kənd və qəsəbələrdə yaşayan Türkmanlar öz aralarında ana dilində danışırlar. Şəhərlərdə yerləşən Türkmanların övladları isə getdikcə ana dillərini unudurlar.
Ölkədə ali təhsilli Türkmanların sayı başqa xalqlarla müqayisədə azdır. Suriyada Türkmanların sayının çox olmasına baxmayaraq, burada onların ana dilində kitabları, qəzet və jurnalları nəşr olunmur, radio və televiziyaları yoxdur. Suriyada sürgündə olan Türkiyəli Refik Halitin təşəbbüsü ilə 1922- 1937-ci illərdə “Doğru yol” və “Vəhdət” qəzetləri nəşr edilmişdir.
Araşdırıcıların yazdığına görə, Hələb bölgəsində yaşayan Türkmanların dilləri Hatay bölgəsində yaşayan Türklərin dialekti ilə eynidir. Hama, Humus və Colan bölgələrində yaşayan Türkmanlarının şivəsi isə Azərbaycan və İraq Türkmanlarının danışığına daha yaxındır.
Suriyada yaşayan Türkmanların ictimai-siyasi fəallığını artırmak, güzəranlarını yaxşılaşdırmaq, adət-ənənələrini, dillərini qoruyub saxlamaq, bir sözlə, cəmiyyətdə baş verənlərə birgə münasibət bildirmələrini təmin etmək üçün 2005-ci ildə Türkman yazıçısı və ictimai xadimi Muhammed Hayır Bayramağanın rəhbərliyi altında “Nurettin Zerki Derneği” qurulmasına təşəbbüs göstərilmişdir. Suriyada yaşayan Ermənilərə ana dilində məktəb açmağa, dərnək qurmağa icazə verən Bəşər Əsəd hökuməti Türkmanlara dərnək qurmağa icazə verməmişdir.
Türkmanlar Suriyanın bütün vilayətlərində yaşasalar da, Hələb, Lazkiyə, Humus, Hama və Colan nahiyyələrində toplu halda yaşayır və çoxluq təşkil edirdilər.

Yorumlar

Henüz yorum yapılmamış.

Yorum Yaz