SURİYADA TÜRKLƏRİN HAKİMİYYƏTİ

15 September 2015
889 kez görüntülendi

SURİYADA TÜRKLƏRİN HAKİMİYYƏTİ
ALİ ŞAMİL

Miladdan bu yana Suriyada Türklərin qurduğu ilk hökumət Tulunilər adlanır. Abbasilər xilafətinin Misirdəki valisi, ordu komandiri, mənşəcə Oğuz Türkü olan Əhməd ibn Tulun Misiri, Suriyanı, Fələstini, Livanı, Süğüru (Xilafətin Bizansla sərhəd əyalətləri) və b. bölgələri birləşdirərək Xilafətdən asılı olmayan Tulunilər dövlətini yaradır. O, Fustat şəhəri yaxınlığında ölkənin yeni paytaxtı-Qatai şəhərini saldırmış, geniş quruculuq işləri aparmışdır. (ASE, 1986:370). 868-ci ildə yaradılan bu dövləti 884-cü ilədək Əhməd ibn Tulun idarə edir. O, vergiləri azaldır, islahatlar həyata keçirir. Nəticədə, ölkədə əmin-əmanlıq yaranır, qanunlara ciddi əməl edilir, əhalinin güzaranı yaxşılaşır, geniş quruculuq işləri başlayır.
Əhməd ibn Tulundan sonra 884-895-ci illərdə oğlu Xumaraveyh, nəvələri Ceyş 895-896-cı illərdə, Harun 896-904-cü illərdə, Şeyban ibn Əhməd 904-905-ci illərdə hakimiyyətdə olurlar. (ASE, 1986:370). Bu sulalənin hakimiyyəti illərində xeyli Qıpçaq Türkü Misirdə və Suriyada yerləşir.
Əmin Abid 1929-cu ildə “Dan yıldızı” jurnalında (Sayı: 5(29), səh. 30-32; Sayı: 8(32), səh. 28-29) çap etdirdiyi “Türk el ədəbiyyatina elmi bir baxış – “Oğuznamə” məqaləsində yazır: “Azərbaycanlıların feodalizm dövründən əvvəl malik olduqları xalq ədəbiyyatı namına tapa bildiyim ən əski əsər “Oğuznamə”dir. Oğuznamə indiki vəziyyətə görə, Azərbaycan ədəbiyyatının ilk əsəri deməkdir.
“Oğuznamə” haqqında ilk məlumat öyrənə bildiyimiz mənbə Misir və Şamda hökümdarlıq etmiş olan feodallardan Məlik Nəsrəddin Muhəmməd ibn Kalavunun (cilüsi 1293, vəfatı 1340) saray məmurlarından Əbu Bəkir Abdullah ibn Aybək əd- Dəvadarinin əsəridir. Dəvadari 13-cü yüzilliyə qədər keçən vaqiələr haqqında, “Dürərüt-tican…” adlı bir tarix kitabı yazmışdır. Bu kitabın bir nüsxəsini İstanbulda İbrahim paşa kitabxanasının əlyazmaları qismində görmüş və tədqiq etmişəm (Kitabxana nomrə 913).
Bu kitabın Türklərə aid qismində müəllif həm Qıpçaqlara, həm də Oğuzlara aid izahat verərək “Oğuznamə”dən də bəhs edir: “Əski Türklər arasında iki kitab var. Bunlardan birisi “Ulu Xan Ata Bitiqçi” deyilən kitabdır ki, bunun mənası “Böyük Xan Ata kitabı” deməkdir. Bu kitab ilə Moğullar və Qıpçaqlar iftixar edirlər və onlarda bu kitab çox hörmətlə tutulmaqdadır. Bu kitab Moğulların yaranışı və başlanğıcından bəhs edir. Moğul və Qıpçaqların “Ulu Xan Ata Bitiqçi” kitabı olduğu kimi, o biri Türklərin də “Oğuznamə” adlı kitabları vardır. Bu kitab Türklərin arasında çox məşhurdur. Mənim hər iki kitab haqqında bilgim vardır. Bu isə Türk xalqının tarixini çox gözəl bildiyimi göstərdiyindən bu xalq haqqında verdiyim məlumatın doğruluğunu təsdiq üçün kafidir!”.
Bu izahatdan sonra Əbu Bəkir Abdullah Dəvadarinin girişdiyi təfsilatdan anlayırıq ki, o, “Oğuznamə”nin Türkcə əslini görməmişdir. Onun gördüyü “Oğuznamə”nin Ərəbcəyə olan tərcüməsidir. Bu nüsxəni nə münasibətlə görməyə müvəffəq olduğunu Dəvadari bu sətirlərlə nəql edir ki, bizim ədəbiyyat tariximizin bir qismi üçün qiymətli bir vəsiqədir.
…Hicri təqvimi ilə 709-cu il tarixində (miladi ilə 1308-ci ilə təsadüf edir – Ə.A.) atam Şərq vilayətinin valisi idi ki, bu vilayətin də mərkəzi Bilbayisk (Yeni şəkili Bəlbisdir. Qahirə çivarındadır – Ə.A.) idi. Burada bir gün bir məclisdə Tatarlar haqqında bir neçə alimlə münaqişədə bulundum. Münaqişədən sonra yoldaşlarımdan Əminəddin əl Həməvi mənə bir kitab göstərdi və bu nüsxənin həmin yeganə nüsxə olduğunu və onun Əmin Bədrəddin Bəysəri tərəfindən özünə verildiyini əlavə eylədi.
Əsər nəqşli və yaldızlı (minyatürlü) idi. Yazısını Ali ibn Halal əl Bəvval adında xəttatın bir şagirdi yazmışdır. Kitabın kağızı Bağdad şəhərində yapılmış ipəkdəndi; cildi isə sarı rəngli ipəkdən işlənmişdi, kitabın altundan ayrıca bir qapağı da vardır.
Yoldaşlarım Mənsur əl Abbas Həməvi və şair Cəmaləddin ibn Zeytun ilə birlikdə oturub, əsəri gözdən keçirdik. Dördümüzün oxuya bildiyimiz parçaları mən kopya etdim. Silinmiş qismləri çox olduğundan bir taqım yerlərini oxuya bilmədik; bu yerlər bizim üçün məchul qaldı.
Kitabdakı izahatdan anladıq ki, Cəbrail ibn Bəxtişu tərəfindən tərcümə olunmuşdur. Abbası xəlifələrindən və Cəfəri Bərməki ilə Harun ər-Rəşid, Muhəmməd əl-Əmin və Məmunun sarayında sıra ilə xəlifə doktorluğu yapan Cəbrail ibn Bəxtişun əlavəsinə görə, “Oğuznamə” əvvəlcə Türkcədən Farscaya tərcümə edilmiş və sonralar özü tərəfindən hicri təqvimi ilə 211-ci il tarixində (miladi ilə 826-cı il) Farscadan Ərəbcəyə tərcümə olunmuşdur.
Bu Farsca nüsxənin isə məşhur Əbu Müslüm Xorasaninin xəzinəsindən qalma şeylərdən olduğunu yenə mütərcim söyləyir. Əbu Müslümün özü də, kəndisinin Boxtu xan sülaləsindən olduğunu və bu əsəri miras olaraq aldığını söyləmişdir” (Abid Əmin, 1930:48-52, sayı 3).
“Kitab-i Dədə Qorqud” haqqında Azərbaycanda ilk dəyərli bilgilər verən, maraqlı araşdırmalar aparan Əmin Abidin qeydindən də aydın görünür ki, Misir və Suriyada yerləşən Qıpçaqlar-Tatarlar güclü bir Türklük şüuruna sahib imişlər. Onlar öz tarixləri ilə bağlı kitabları oxuyur, müzakirə edir, araşdırır və üzünü köçürüb gələcək nəsillər üçün saxlayırmışlar.
Tulunilər sülaləsi və onların qurduqları hökumət haqqında Əbülfəz Əliyev (Elçibəy) 1969-cu ildə “Tulunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Sonralar bu dissertasiya kitab halında Türkiyədə və Azərbaycanda nəşr edilib. Bu araşdırmada Tulunulərdən ətraflı danışılsa da, onların dövlət qurduqları ərazidə Türklərin necə yerləşdirildiyindən, haralarda məskunlaşmalarından geniş söhbət açılmamışdır.

SURİYA SƏLCUQLULAR DÖVLƏTİ

Oğuzların Qınıq boyundan olan Səlcuqlular hələ Türküstanda yaşadıqları dövrdə, yəni miladi təqvimi ilə 10-cu yüzillikdə İslam dinini qəbul etdilər. 11-ci yüzillikdə isə Oğuz və digər Türk tayfalarının hərbi-siyasi birliyini yaradaraq Toğrul bəyin başçılığı ilə nəhəng bir imperiya qurdular. Bu imperiyanın sərhədləri doğuda Türküstana, batıda Ağ dənizə, qüzeydə Qafqaz dağlarına, güneydə isə Kəngər (Fars, Bəsrə) körfəzinə dayanırdı.
1040-cı ildəki Dəndənəkan savaşında Qəznəviləri yendikdən sonra Xorasanı, Nişapuru, Reyi, İsfahanı, Həmədanı ələ keçirərək Ağ dənizədək irəliləyən Səlcuqlular sonralar, 1055-ci ildə Abbasilər xilafətini özlərindən asılı vəziyyətə salıb yüzilliyin ən qüdrətli dövlətini yaradırlar. Onların həyata keçirdiyi sosial və iqtisadi islahatlar inkişafa güclü təkan verir.
Səlcuqluların hakimiyyəti illərində (1038-1157) Suriyada Türklərin yerləşimi artır, bölgənin iqtisadi və hərbi qüdrəti yüksəlir.
1063-cü ildən Hələb, Lazikiyə, Trablusşam və Asi İrmağı vadisi boyunca Hama, Humus və Şam bölgəsinə Türkmanların topluca yerləşməsi başlamışdır. 1069-1070-ci illərdə isə Kurlu və Atsız bəylərin rəhbərliyi altında olan əsgəri birliklər Güney Suriyanı tamamilə ələ geçirmişlər. Malazgirt (1071) Savaşından sonra Aşağı və Yuxarı Fərat boyunca Saltuklar, Mengücekler, Danişməndilər, Yınaloğulları, Artuklar kimi Türk bəylikləri qurulmuşdur.
1077-ci ildə Suriya Səlçuqlu məliyi olan Tutuş özünü sultan elan edərək Oğuzların Yıva boyu ilə Bayat, Əfşar, Bəydili, Dügər və Üçok tayfalarını Şam və Hələbdə yerləşdirdi. Suriya fatehi kimi tanınan Atsız öldükdə Tutuş daha öncə hakim olduğu Suriya şəhərlərini ələ geçirir (1079), sonra Qüdsü tütaraq Böyük Səlçuqlar dövlətinə bağlı olan Suriya Səlçuqlular dövlətini yaradır.
Tutuş 1095-ci ildə Sultan Börküyarıqla Rey yaxınlığındakı döyüşdə öldürülür. Oğullarından Rıdvan Hələbdə, Dokak isə Şamda hökumət qurduqlarını elan edirlər. Hələb hakimi Rıdvan səlibçilərlə savaşaraq bir ara ölkəsinin sərhədlərini Güney Anadoluya qədər genişləndirir. 1117-ci ildə hər iki bölgədə hakimiyyət Atabəylərin əlinə keçir. Suriya Səlçuqlularının Şam qolunu Atabəy Tuğtəkin idarə edirdi. Onun oğlu Tacülmülk Böri atasının ölümündən sonra hakimiyyəti ələ alır. Çox da güçlü olmayan bu atabəylik Zəngi atabəyi Nurəddin Mahmud tərəfındən 1154-cü ildə ortadan qaldırıldı.
1127-ci ildə Məlikşahın Hələb valisi Ağ Sunqurun oğlu İmadəddin Zəngin Mosul valisi təyin edildi. Səlibçilərə qarşı savaşdan qalıb çıxan İmadəddin Zəngin Urfanı aldıqda avropalılar 1137-ci ildə II səlib yürüşü təşkil edirlər.
İmadəddin Zənginin ölümündən sonra atabəylik 1146-cı ildə Mosul və Hələb olmaq üzrə iki yerə ayrıldı. Hələbdə Nurəddin Mahmud nəinki səlibçiləri məğlubiyyətə uğratdı, hətta Börilərin hakimiyyəti altında olan Şamı da özünə tabe etdi və səlibçilərlə əməkdaşlıq edən Müsəlman Misir Fatimilər dövlətini də 1171-ci ildə ortadan qaldırdı. 1174-ci ildə Nurəddin Mahmud öldükdə atabəylik Əyyubi ailəsinə keçir. Müsəlmanlar Səlahəddin Əyyubinin ətrafında birləşərək bölgəni səlibçilərdən qorudular.
Səlahəddin Əyyubinin ölümündən sonra bölgədə bir başqa Türk dövləti olan Məmlüklər hakim oldu. Anadoluya hakim olan Səlçuqlu dövləti isə 1243-cü ildə Kösedağda Moğollarla savaşı uduzduqda ağır Moğol basqısı altında qalır. Kayseri və Sivasda yaşayan Türkmanlar Məmlük Sultanı Baybars dövründə bu basqı səbəbinə Suriya bölgəsinə köçürlər. Suriyaya gəlib Şamda yerləşən Türkmanlar Elxanlı hökümdarı Əbu Said Bahadır xanın ölümündən sonra yaranan siyasi qarışıqlıqdan faydalanıb 1337-ci ildə Əlbistan ətrafında Zülqədiroğulları bəyliyini qurdular (Türkmen oğlu Deniz, http://halap¬turk-men.blog¬cu.com/suriye-oguz-turkmenleri/ 5436639).
Səlcuqlular arasındakı hakimiyyət uğrunda vuruşlara, parcalanmalara, qarşıdurmalara baxmayaraq, onlar səlibçilərin 200 ilədək davam edən yürüşlərinin qarşısını igidliklə almışlar. Demək olar ki, Avropanın bütün Xristian dövlətlərinin birgə təşkil etdiyi bu yürüşlərdə o dövr üçün çox yüksək səviyyədə silahlandırılan və olduqca böyük sayılan 100 minlik bir ordu iştirak etmişdir. Lakin onlar sayca özlərindən çox az olan, yüngül silahlanan Səlcuq ordularını məhv edə bilməmişlər. Səlcuq döyüşçülərini məğlub edə bilməyən səlibçilər bölgədə on minlərlə uşaq öldürmüşlər. Ona görə də, bu hadisə tarixə Uşaq yürüşü kimi daxil olmuşdur (ASE, 1986:372).
Səlibçilər güclü təbliğat aparmalarına, qəddarlıq göstərmələrinə, bəzən savaşlarda kiçik uğurlar qazanmalarına, bölgədə dövlətlər yaratmalarına baxmayaraq, Müsəlmanlar qarşısında uzunmüddətli duruş gətirə bilməmişlər. Doğunun Müsəlmanlarından təşkil edilmiş ordu birlikləri səlibçiləri məğlubiyyətə uğradaraq geri çəkilməyə məcbur etmişdir. Bu uğurlu savaşlar Səlcuq Türkmanlarının Suriyada topluca yaşamasını şərtləndirmişdir.
Faruq Sümər “Oğuzlar” əsərində (Faruq Sümər, 1992) orta yüzilliklər boyunca Suriyada Türklərin hansı bölgələrdə yaşadıqları, tayfa və tirələri haqqında geniş bilgi verdiyindən bu haqda yazmağa ehtiyac duymadıq.
13-cü yüzilin ikinci yarısında Misir Məmlüklərinin Suriyaya yürüşləri, 1260-cı ildə Tatar-Moğol hücumları, 14-cü yüzilin ikinci yarısındakı epidemiyalar on minlərlə Türkmanın ölümünə səbəb olsa da, onların bölgəni tərk etməsi ilə nəticələnməmişdir.
Əməvi dövründən başlayaraq Türkmanların Türküstandan tək-tək, ya da ailə, tayfa şəkilində Şam bölgəsinə gəlmələri 11-ci yüzildə – Səlçuqlular dövründə sürətlə artmışdır. Onların ikinci böyük köçü isə Moğol dövründə baş vermişdir. Səlçuqlular və Məmlüklər 1070-ci il tarixindən 1516-ci ilədək, yəni 446 ilə yaxın Şam bölgəsində hakim olmuşlar.

Yorumlar

Henüz yorum yapılmamış.

Yorum Yaz