SURİYA TÜRKLƏRİNİN TARİXİNƏ QISA BİR BAXIŞ

15 September 2015
603 kez görüntülendi

SURİYA TÜRKLƏRİNİN TARİXİNƏ QISA BİR BAXIŞ

Ali Şamil

SURİYA TÜRKLƏRİNİN TARİXİNƏ QISA BİR BAXIŞ

Rəsmi qaynaqlarda bugünkü Suriya ərazisi 185,180 kvadrat kilometr, əhalisi 23,6 milyon (2010) olan bir Müsəlman Ərəb ölkəsi kimi tanınır. Ölkə doğudan İraq, batıdan Ağ dəniz, güneydən İordaniya və quzeydən Türkiyə ilə sərhəddir. İsrail ölkənin bir hissəsini işğal etdiyindən indi Colan təpəliklərində İsraillə də sərhədi vardır. İnzibati cəhətdən 14 vilayətə – quberniyaya (muhafazaya) bölünür. Ölkənin başkəndi orta yüzillərdə Şam adlandırılan, avropalıların Damascus dedikləri Dəməşq şəhəridir.
Orta Doğuda yerləşən Suriya Müsəlman Ərəb ölkəsi kimi tanınsa da, qədim mədəniyyət beşiyi olan bu ölkədə Xristianlığa, Buddizmə inananlar, fərqli məzhəblərə, o sıradan qədim inanclara tapınanlar da yaşayır. İnanclarına görə Nusayrilərə (ya da Ərəb Ələvilərinə), Şiələrə, Sünnilərə, Dürzilərə, Xristianlara bölünən ölkə əhalisinin 7 faizini Nusayrilər təşkil edir. Qaynaqların yazdığına görə, ölkə əhalisinin 70 faizə yaxınını Sünnilər təşkil etsə də, hakimiyyətdə Nusayrilərdir (Maden Fahri, 2014:21). Ölkədəki Xristianlar da öz aralarında Ortodokslara, Protestantlara, Kəldanilərə-Suryanilərə, Marinlilərə vb. ayrılırlar (Kılınçkaya Derviş, 2014:27).
Çoxmillətli Suriyanın böyük şəhərləri Dəməşq, Hələb, Humus, Hama ve Lazkiyədir.
Dünya sivilizasiyasının beşiklərindən biri sayılan bu bölgə 18-ci yüzillikdən çökməyə başlamışdır.
Sənayesini, iqtisadiyyatını sürətlə inkişaf etdirən, işğal altına aldığı xalqların maddi və mənəvi sərvətlərini müxtəlif vasitələrlə mənimsəyən Avropa az bir zamanda elmdə və texnikada böyük uğurlara imza atmış oldu. “Üçüncü dünya ölkələri” adlandırılan ölkələrdə yaşayanlar da avropalılardan öyrənməyə, daha çox da onları yamsılamağa çalışdılar.
Dünya mədəniyyət tarixini araşdıran avropalı araşdırıcılar düşünürdülər ki, svilizasiyanın beşiyi Yunan mədəniyyətidir. Ona görə də, tarixşünaslıq elmini Roma və Yunan mədəniyyəti əsasında qurdular. Sonraki gediş isə bu nəzəriyyənin yanlışlığını ortaya qoydu. Nəinki Asiyada və Afrikada, hətta 16 yüzildə işğal edilmiş Amerika qitəsindəki maddi mədəniyyət nümunələri də insan oğlunun Roma və Yunan mədəniyyətindən minillər öncə gəlişmiş yüksək toplum həyatı yaşaması, yazıdan istifadə etməsi, papirus və gil lövhələrdə kitablar yaratması ilə bağlı danılmaz bilgilər ortaya qoydu. Şumerlərin (Sumer) gil üzərində yaratdıqları kitabələri araşdıran Samuel N. Kramer kitabını “Tarix Şumerdən başlayır” adlandırdı.
Günümüzdə texnika və texnologiyanın sürətlə inkişaf etməsinə baxmayaraq, mədəniyyət tariximiz hələ də gərəyincə öyrənilməmişdir. Onun qaranlıq səhifələri çoxdur. 20-ci yüzilliyin ortalarınadək tarixçilər Türkləri miladdan sonraki yüzilliklərdə Avropada görünən vəhşi, dağıdıcı, barbar bir xalq kimi tanıdırdılar. Sonralar isə Türklərin Avropada, Qafqazda, Yaxın və Orta Doğuda miladdan çox-çox öncə məskunlaşdıqları, qonşu xalqların mədəniyyətlərinin inkişafına güclü təsir göstərdikləri haqqında nəzəriyyələr ortaya çıxdı.
Türklərin tarixi, yayılma sahələri vb. ilə bağlı yanaşımlar üzərində dayanmadan Colan Türkmanlarının durumuna aydınlıq gətirmək üçün indiki Suriya dövləti ərazisində Türklərin yerləşməsinə və yaşamına qısa bir nəzər salaq.
Bugünkü Suriya torpaqları miladdan öncə bölgədəki kiçik dövlət ittifaqlarının, sonralar Assuriyanın, Yeni Babil padşahlığının, Əhəmənilərin, Makedoniyalı İskəndərin yaratdığı nəhəng imperiyanın, Selevkilər dövlətinin və Romanın tərkibində olub. Miladdan sonra isə Bizansın əyalətinə çevrilən indiki Suriyaya 633-cü ildə İslam orduları yürüş etdi. Bu yürüşlər 640-cı ildə bölgənin tam işğalı ilə başa çatdı. 661-ci ildə Müaviyə özünü xəlifə elan edərək xilafətin paytaxtını Dəməşqə (Şam) köçürür, bununla da Dəməşq şəhəri Əməvilər xilafətinin mədəni və siyasi mərkəzinə çevrilir. Abbasilər xilafəti dövründə isə bölgədə iqtisadi-siyasi çöküş başlayır (ASE, 1986:83).

Ali Şamil

Yorumlar

Henüz yorum yapılmamış.

Yorum Yaz